
TÜRKPA-nın Baş katibi Ramil Həsən Binəli Yıldırımla görüşüb
TÜRKPA Baş katibi Ramil Həsən Türkiyəyə səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ilə bir araya gəlib.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyədə rəsmi səfərdə olarkən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri və Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım ilə görüş keçirib.
Görüş əsnasında TÜRKPA-nın Bişkekdə təşkil olunan 15-ci plenar iclasında və Assambleya Şurasında qəbul edilən qərarlar nəzərdən keçirilib, qardaş dövlətlər arasındakı əlaqələrin yüksək səviyyədə sürdürülməsinin vacibliyi diqqətə çatdırılıb.
Müzakirələr zamanı Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Azərbaycan ilə Türkiyə arasındakı strateji müttəfiqliyin daha da gücləndirilməsinin önəmi qeyd olunub. Müstəqil siyasi kurs yürüdən hər iki ölkənin beynəlxalq müstəvidə öz mövqelərini möhkəmləndirərək Türk dünyasının birliyinə mühüm töhfələr verdiyi vurğulanıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən Ramil Həsən türk dövlətlərinin beynəlxalq arena üzərindəki həmrəyliyinin vacibliyindən söz açıb. O, Azərbaycan və Türkiyənin digər qardaş ölkələr üçün aparıcı qüvvə və ilham mənbəyi olduğunu xüsusi vurğulayıb.
Öz növbəsində Binəli Yıldırım iki ölkə arasındakı strateji qardaşlıq əlaqələrinin dərinləşməsinin zəruri olduğunu bildirərək bu istiqamətdə lazımi dəstəyi verməyə davam edəcəklərini ifadə edib və TÜRKPA-nın fəaliyyətinə uğurlar arzulayıb.




