
Azərbaycan və Somali media sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə keçirilən görüşdə ikitərəfli media əlaqələrinin inkişafı diqqət mərkəzində olub.
Azərbaycan və Somali arasında media sahəsində tərəfdaşlıq imkanları Media və Yayım Şurasında keçirilən ikitərəfli görüşdə diqqət mərkəzində olub. Müzakirələrdə Somalinin informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud iştirak edib.
AzadAzərbaycan xəbər verir ki, Media və Yayım Şurasının sədri Əhməd İsmayılov iki ölkə arasında kommunikasiya və media sahəsində təcrübə mübadiləsinin, informasiya axınının genişləndirilməsinin, eləcə də qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, medianın xalqlar arasında anlaşmanın möhkəmlənməsində və obyektiv informasiya təminatında mühüm rola malik olduğunu vurğulayıb.
Nazir Abdulfatah Kasim Mohamud isə öz növbəsində ölkəsinin Azərbaycanla tərəfdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. O, birgə layihələrin icrası, peşəkar əlaqələrin gücləndirilməsi və müasir informasiya mühitinin tələblərinə uyğun addımların atılması üçün əlverişli zəmin olduğunu qeyd edib.
Tərəflər görüş çərçivəsində rəqəmsallaşma dövründə medianın inkişafı, dezinformasiya ilə mübarizə, informasiya təhlükəsizliyi, həmçinin süni intellektin və yeni texnologiyaların media sahəsinə təsiri kimi aktual mövzuları ətraflı nəzərdən keçiriblər.




