
Tanınmış həkim illərdir yediyi səhər yeməyinin çəki artımına səbəb olduğunu açıqladı
Dünyaca məşhur epidemioloq Dr. Tim Spektor səhər yeməyi vərdişlərini dəyişərək necə arıqladığını və sağlamlığını bərpa etdiyini bölüşüb.
Dünyaca məşhur epidemioloq və qidalanma mütəxəssisi Dr. Tim Spektor illərdir faydalı hesab edərək qəbul etdiyi səhər yeməyinin son on ildə 10 kiloqram çəki qazanmasına gətirib çıxardığını etiraf edib.
O, əvvəllər hər səhər mürəbbəli tost, bir fincan çay və bir stəkan təzə sıxılmış portağal suyu istehlak edirdi. Bu qida rasionu qan şəkərinin kəskin şəkildə artmasına və vaxtaşırı çəki artımına şərait yaradırdı. Üstəlik, həkim hər gün saat 11:00 radələrində yenidən güclü aclıq hissi keçirirdi.
Qidalanma vərdişlərinə yenidən baxan mütəxəssis menyusunu tamamilə dəyişib. O, artıq səhərlər çayın əvəzinə qəhvə, mürəbbəli tostun əvəzinə isə tam yağlı qatıq, müxtəlif toxumlar, qoz-fındıq, eləcə də təzə və ya dondurulmuş meyvələrə üstünlük verir.
Yenilənmiş qidalanma sistemi sayəsində qan şəkəri səviyyəsi stabilləşən və artıq çəkilərdən azad olan Spektor səhərlər vaxtından əvvəl aclıq hiss etmədiyini vurğulayıb. Mütəxəssis hər insanın bədəninin fərqli reaksiya verdiyini qeyd edərək, hər kəs üçün tək bir mükəmməl səhər yeməyi menyusunun olmadığını və fərdi yanaşmanın vacibliyini bildirib.




