
20 Sentyabr metrostansiyası gələn ilin ortalarında istifadəyə verilə bilər
Bakı Metropoliteninin yeni 20 Sentyabr stansiyasında tikinti işləri yekunlaşıb və tamamlama mərhələsi davam edir.
Bakı Metropoliteni QSC tərəfindən inşası aparılan "20 Sentyabr" stansiyasının gələn ilin ortalarına qədər tam istismara verilməsi planlaşdırılır.
Bu barədə açıqlama verən səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib ki, obyekt üzrə əsas tikinti prosesi artiq başa çatıb.
Qurum rəsmisinin sözlərinə görə, hazırda stansiyada son tamamlama işləri həyata keçirilir. Layihədə xüsusi memarlıq həllərindən istifadə olunduğu üçün zəruri materialların xaricdən gətirilməsi və logistika ilə bağlı məsələlər artıq tam yoluna qoyulub.
Bütün proseslərin müəyyən olunmuş qrafikə uyğun şəkildə davam etdiyini vurğulayan departament rəhbəri stansiyanın gələn ilin birinci yarısının sonunadək sərnişinlərin istifadəsinə verilməsinin hədəfləndiyini diqqətə çatdırıb.




