
Sadəddin Saran narkotik ittihamı ilə bağlı məhkəmədə aylıq gəlirini açıqladı
Fənərbağçanın keçmiş prezidenti Sadəddin Saran narkotik qaçaqmalçılığı ittihamı ilə hakim qarşısına çıxıb.
AzadAzərbaycan xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara görə, Fənərbağçanın keçmiş prezidenti Sadəddin Saran narkotik qaçaqmalçılığında ittiham olunduğu məhkəmə işinin ilk iclasında hakim qarşısına çıxıb.
Məhkəmə prosesi zamanı iş adamı şəxsiyyəti və maliyyə vəziyyəti ilə bağlı sualları cavablandırıb. O, aylıq gəlirinin 6 milyon lirə olduğunu bildirib və bu rəqəm iclasın diqqət çəkən məqamlarından birinə çevrilib.
İttihamları qətiyyətlə rədd edən Saran özünü müdafiə edərək bu günün həyatındakı ən utancverici gün olduğunu ifadə edib.
Xatırladaq ki, iş adamının saç nümunəsində kokain aşkar edilsə də, qan, sidik və dırnaq nümunələri neqativ çıxmışdı. İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında isə onun 10 ildən az olmayaraq həbs cəzası ilə cəzalandırılması tələb olunur.




