
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev dəfn olunub
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, tanınmış ictimai xadim Teymur Yəhyayev doğma qəsəbəsində son mənzilə yola salınıb.
AzadAzərbaycan xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev torpağa tapşırılıb.
Mərhumla əvvəlcə Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən evində vida mərasimi təşkil olunub. Daha sonra onun qalıqları qəsəbə qəbiristanlığında torpağa verilib. Dəfn mərasimində rayon rəhbərliyinin nümayəndələri və ictimaiyyət fəalları iştirak ediblər.
Qeyd edək ki, yaxınlarının məlumatına görə, Teymur Yəhyayev açıq ürək əməliyyatı keçirdikdən sonra komaya düşüb və bir daha ayılmayıb.
Xatırladaq ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarın 1-də Masallı rayonunun Ərkivan kəndində dünyaya gəlib. O, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və "İTAR-TASS" Analitik-İnformasiya Agentliyində müxbirlikdən direktor vəzifəsinədək yüksəlib.
O, 1991-ci ildə və 1993-2000-ci illərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib, sonrakı illərdə isə yazıçı və politoloq kimi tanınıb.




