
Xalq artisti Yusif Eyvazov opera sənətindən və qazancdan danışıb
Xalq artisti Yusif Eyvazov “Qapqara” layihəsində opera sənəti, dünya şöhrəti erası və mədəniyyət sahəsindəki maliyyə məsələləri barədə danışıb.
Azərbaycanın Xalq artisti Yusif Eyvazov qonaq olduğu “Qapqara” yutub layihəsində dünya şöhrəti, opera sənəti və ifaçılar arasında eqo məsələsindən söz açıb. O bildirib ki, artıq dünya şöhrəti erası başa çatıb və bu qatarın sonuncu vaqonuna onun keçmiş həyat yoldaşı Anna Netrebko minib.
Sənətçi qeyd edib ki, keçmişdə Selin Dion, Maykl Cekson və Lusiano Pavarotti kimi dünya şöhrətli simalar olub, özünü də dünya operasında yaxşı tanıyırlar. Onun sözlərinə görə, mədəniyyət sahəsi maliyyə dəstəyi olmadan mövcud ola bilməz və dünyada heç bir teatr yalnız bilet satışı hesabına fəaliyyət göstərə bilməz.
Eyvazov Verona Arenasını nümunə göstərərək bildirib ki, həmin teatr üç ay ərzində 90 günə 52 tamaşa nümayiş etdirməklə bilet satışından 38 milyon avro qazanıb. İfaçı özünü direktor deyil, məhz sənətçi kimi gördüyünü, səhnəyə işçiləri ilə həmkar kimi çıxdığını vurğulayıb.
Sonda ifaçı sənət aləmində eqo problem toxunaraq bəzi sənətçilərin həddindən artıq eqolu olduğunu deyib. O qeyd edib ki, bəzən kiminsə özünü olduğu kimi deyil, başqa cür göstərməsi gülməli vəziyyət yaradır.




