
Oktyabr ayında azad olunmuş ərazilərdə minlərlə mina zərərsizləşdirilib
Azərbaycan Minatəmizləmə Agentliyi ötən ay işğaldan azad edilən torpaqlarda həyata keçirilən humanitar əməliyyatların nəticələrini açıqlayıb.
AzadAzərbaycan xəbər verir ki, işğaldan azad olunan torpaqlarda oktyabr ayı ərzində ümumilikdə 4 898,3 hektar ərazi minalardan təmizlənib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yayadığı aylıq hesabatda məlumat verilib. Bildirilib ki, göstərilən dövr ərzində 180 tank əleyhinə mina, 799 piyada əleyhinə mina, həmçinin 3 070 partlamamış hərbi sursat aşkarlanaraq uğurla zərərsizləşdirilib.
Qeyd edək ki, təmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, eləcə də yerli qurumlar və QHT-lər tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Qazax rayonunun azad edilən kəndlərində aparılıb.




