
İranın Pakistanla sərhədi bağlamasının arxasında duran siyasi səbəblər
İranın Pakistanla quru sərhədini bağlaması rəsmi olaraq texniki səbəblərlə izah edilsə də, addımın Məkkə Sazişi ilə bağlı siyasi mesaj olduğu bildirilir.
AzadAzərbaycan xəbər verir ki, İranın Pakistanla olan quru sərhədindən gediş-gəliş müvəqqəti dayandırılıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai qərarın müəyyən texniki problemlər və profilaktik tədbirlərlə əlaqədar olduğunu bəyan edib. Bununla belə, iki dövlət arasındakı 909 kilometrlik sərhədin bağlanmasının arxasında geosiyasi proseslərin dayandığı bildirilir.
Məsələni şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Tehranın bu addımı Pakistanın Türkiyə və Səudiyyə Ərəbistanı ilə birgə Məkkə Sazişinə qoşulması ilə bilavasitə bağlıdır. İran tərəfi sözügedən sənədi özünə və Yəməndə dəstəklədiyi husilərə qarşı yaradılmış ittifaq kimi qiymətləndirir. İran XİN rəhbəri Abbas Arakçı da çıxışında müqavilə tərəflərinin adını çəkmədən sazişi kəskin tənqid edib.
İranlı parlamentari Əhməd Naderi qeyd edib ki, İslamabadın Yəmən məsələsində Ər-Riyadla birgə addım atması Pakistanın İran ilə ABŞ arasındakı vasitəçilik missiyasına son qoyub. Məkkə Sazişindən sonra fəaliyyətini gücləndirən Pakistan Səudiyyə Ərəbistanına qoşun, qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri yerləşdirərək hərbi dəstəyini əhəmiyyətli dərəcədə artırıb.
ABŞ Prezidenti Donald Tramp isə Pakistanın Ər-Riyada hərbi dəstəyini müsbət qarşılayaraq Məkkə Sazişinə tərəfdar olduğunu ifadə edib. Analitiklər hesab edir ki, Vaşinqton husilərlə mübarizəyə öz qüvvələrini cəlb etməkdənsə, prosesi tərəfdaşlarına həvalə etməyə üstünlük verir.
Ekspertin fikrincə, Pakistanın vasitəçilikdən kənarda qalması ABŞ üçün ciddi problem yaratmayacaq, çünki Vaşinqton Tehranla təmaslar üçün Qətər və Omanın imkanlarından istifadə edə bilər. Lakin İslamabadın vasitəçiliyi strateji tərəfdaş kimi Pekin üçün vacib amil hesab olunurdu.




