
İƏT-in baş katibi "ASAN xidmət" mərkəzində olub
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Ould Şeyx Əhməd "ASAN xidmət" mərkəzinin fəaliyyəti və layihələri ilə tanış olub.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmayıl Ould Şeyx Əhməd Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə yaxından tanış olub.
Görüş çərçivəsində Agentliyin sədri Ülvi Mehdiyev qonağa dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə qurulan "ASAN xidmət" mərkəzləri, eləcə də innovasiya sahəsində icra edilən layihələr haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, bu uğurlu model artıq intellektual məhsul kimi 50-dən çox ölkəyə ixrac olunur və geniş əməkdaşlıq əlaqələri qurulub.
Öz növbəsində İ.O.Şeyx Əhməd dövlət xidmətlərinin operativ və innovativ şəkildə təqdim edilməsində bu təcrübənin müstəsna rolunu vurğulayıb. O, "ASAN xidmət" modelinin İƏT-ə üzv dövlətlərdə tətbiqinin həmin ölkələrdə vətəndaş məmnunluğunu artıracağını və xidmət keyfiyyətini yüksəldəcəyini diqqətə çatdırıb.
Ziyarət zamanı İƏT rəsmisi "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət və "ABAD" publik hüquqi şəxsin gördüyü işlərlə də tanış olub.




