
Gec saatlarda qidalanmaq qaraciyər xəstəlikləri riskini artıra bilər
Aparılan son araşdırmalar göstərib ki, axşam yeməyindən sonra qida qəbul etmək qaraciyər yağlanması və sirroz riskini 30 faizədək yüksəldə bilər.
Gec saatlarda yemək yemək vərdişi insan səhhəti üçün ciddi təhlükələr yarada bilər. Alimlərin apardığı araşdırmalar bu cür qidalanmanın qaraciyər xəstəlikləri riskini 30 faizədək artırdığını üzə çıxarıb.
Təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi və "Clinical Gastroenterology and Hepatology" jurnalında dərc olunan tədqiqat ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilib. Nəticələr göstərir ki, yatmazdan əvvəl müntəzəm olaraq qida qəbul edənlərdə qaraciyər problemlərinə daha tez-tez rast gəlinir.
Mütəxəssislər izah edirlər ki, orqanizmin bioloji saatı qidaların düzgün emal olunmasında əsas rol oynayır. Bədən dincəlməyə və yuxuya hazırlaşarkən qida qəbul etmək həzm prosesini çətinləşdirir. Uzunmüddətli bu vərdiş piylənmə, diabet və qaraciyər xəstəliklərinə yol açır.
Tədqiqatçılar gündəlik kalori qəbulunun yatmazdan bir neçə saat əvvəl dayandırılmasını tövsiyə edirlər. Lakin onlar qeyd edirlər ki, bu mövzuda dəqiq səbəb-nəticə əlaqəsini tamqiymətləndirmək üçün əlavə araşdırmalara ehtiyac var.




