
Ermənistanın sərhəd insidenti ilə bağlı oyunu və İrəvanın məkrli planı
Azərbaycan hərbçisinin sərhədi keçməsi ilə bağlı hadisəni siyasi tamaşaya çevirən İrəvan Avropa İttifaqı müşahidəçilərini məlumatlandırmayıb.
Azərbaycanlı hərbçinin postunu tərk etməsi ilə bağlı insident ətrafında Ermənistanın sərgilədiyi mövqe bu ölkənin Avropa İttifaqı ilə yaxınlaşma iddialarına kölgə salır. İrəvan baş verən hadisə barədə məlumatı qəsdən gizlədərək Aİ-nin Müşahidə Missiyasını məlumatsız qoyub və onların təhlükəsizliyini riskə atıb.
Azərbaycan tərəfi insident barədə dərhal qarşı tərəfi məlumatlandırıbsa da, Ermənistan bu faktı sərhəddə fəaliyyət göstərən avropalı müşahidəçilərə çatdırmayıb. AzadAzərbaycan xəbər verir ki, bunun əsas səbəbi İrəvanın həmin hadisəni səhnələşdirmək istəməsi və şou başa çatana qədər kənar müşahidəçilərin əraziyə gəlməsinin qarşısını almaq niyyəti olub.
Hadisə ilə bağlı yayılan məlumatlarda və zərərçəkmiş şəxslə bağlı iddialarda çoxsaylı ziddiyyətlər mövcuddur. Hərbçi və qadınla əlaqədar irəli sürülən müxtəlif versiyalar baş verənlərin əvvəlcədən planlaşdırılmış bir ssenari olduğundan xəbər verir.
İrəvan bu cür addımlarla Azərbaycan hərbçisini geri qaytarmaq əvəzinə, onu siyasi alver vasitəsinə çevirməyə çalışıb. Lakin bu siyasət Ermənistanın özünə qarşı əks-effekt verə bilər və rəsmi Bakı bundan sonra sərhədi keçən şəxslərlə bağlı mövqeyini sərtləşdirə bilər.




