
İnsan niyə ardıcıl olaraq bir neçə dəfə asqırır
Burun boşluğunda qıcıqlanma tam aradan qalxmadıqda bədən qoruyucu refleksi yenidən işə salır və bu da ardıcıl asqırmalara səbəb olur.
Burundakı narahatlıq ilk cəhddən sonra tam azalmadıqda, ardıcıl olaraq bir neçə dəfə asqırma baş verə bilər. Sinir ucları siqnal ötürməyə davam etdiyi üçün orqanizmin qoruyucu rekfleksi təkrar işə düşür.
Asqırma prosesi burun boşluğunu toz, polen, tüstü və digər yad cisimlərdən təmizləmək məqsədi daşıyır. Reaksiya selikli qişadakı reseptorların oyanması ilə başlayır və siqnal trigeminal sinir vasitəsilə beyin sapına ötürülür.
Oradakı neyron şəbəkəsi havanın burun və ağız vasitəsilə sürətlə xaric edilməsini təmin edən əzələləri hərəkətə gətirir. Əgər qıcıqlandırıcı hələ də qalırsa, bədən ondan tamamilə qurtulmaq üçün bu prosesi təkrarlayır.
Hər kəs üçün universal asqırma sayı mövcud deyil, çünki sinir uclarının həssaslığı fərdlərdən asılı olaraq dəyişir. Mütəxəssislərin fikrincə, bir neçə dəfə asqırmaq qıcıqlandırıcının tədricən yerindən tərpənərək xaric edilməsinə kömək edir.
Təkrarlanan asqırmaların əsas səbəblərindən biri allergiyalardır. Allergenlərin təsirindən toxumalara histamin ifraz olunur ki, bu da burun axıntısı və gözlərin sulanması ilə müşayiət oluna bilər.
İnfeksiyaların səbəb olduğu iltihab da reseptorları qıcıqlandıraraq refleksi işə sala bilər. Bundan əlavə, toz və polendən başqa, parlaq işıq, kəskin qoxular, ədviyyatlı qidalar və ya soyuq hava da bu reaksiyanı tətikləyə bilər.




