
Emal olunmuş qidaların beyin damarlarına mənfi təsiri aşkarlanıb
Kanadada aparılan yeni araşdırma çox emal olunmuş qidaların orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola biləcəyini göstərib.
Kanadada aparılan və elmi jurnallarda dərc olunan yeni bir tədqiqat zamanı 35 ilə 69 yaş arasında olan təxminən 9 min nəfərin sağlamlıq göstəriciləri təhlil edilib. Araşdırmanın nəticələrinə görə, rasionunda həddindən artıq emal olunmuş məhsullara üstünlük verən hər doqquz nəfərdən birində beyin damarlarında zədələnmə əlamətləri qeydə alınıb.
Mütəxəssislər həmin qidaları ən az istifadə edən qrupda bu rəqəmin hər on iki nəfərdən birinə bərabər olduğunu müəyyən ediblər. Aparılan MRT müayinələri nəticəsində beyində iki əsas dəyişiklik aşkar olunub ki, bunlardan biri sinir hüceyrələrinin əlaqəsini təmin edən ağ maddədəki pozuntular, digəri isə qan dövranının zəifləməsi səbəbindən zədələnmiş toxumalardır.
Alimlərin qənaətinə görə, bu cür neqativ dəyişikliklər gələcəkdə insult, idrak qabiliyyətlərinin zəifləməsi və demensiya kimi ağır xəstəliklərin yaranma riskini artıra bilər. Yaş, zərərli vərdişlər, fiziki aktivlik dərəcəsi və digər sağlamlıq göstəriciləri nəzərə alındıqda belə, həmin əlaqənin özünü büruzə verdiyi müşahidə edilib.
Bununla yanaşı, tədqiqatçılar bu qidaların birbaşa beyin zədələnməsi yaratdığının tam sübut olunmadığını bildirirlər. Məsələnin tam şəkildə aydınlaşdırılması və dəqiq nəticələrin əldə edilməsi üçün daha ətraflı və uzunmüddətli elmi araşdırmaların aparılmasına ehtiyac var.




