
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
Rəşid Vəzirov Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə nazirin müşaviri vəzifəsinə gətirilib.
AzadAzərbaycan xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı gerçəkləşib. Nazir Anar Əliyevin imzaladığı əmrə əsasən, Rəşid Şamil oğlu Vəzirov nazirin müşaviri postuna təyin edilib.
1979-cu ildə anadan olan Rəşid Vəzirov Azərbaycan Tibb Universitetini bitirib və tibb üzrə fəlsəfə doktorudur. O, xəstəxana idarəçiliyi istiqamətində ADA Universitetində, eləcə də Yaponiyanın Fukuoka şəhərində ixtisasartırma və təhsil proqram keçib.
Təcrübəli mütəxəssis əmək fəaliyyəti dövründə Mərkəzi Neftçilər Xəstəxanasında və Respublika Diaqnostika Mərkəzində müxtəlif məsul vəzifələrdə çalışıb, 2018-ci ilin noyabrından isə Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru funksiyasını yerinə yetirib.
Səhiyyənin idarə edilməsi və beynəlxalq layihələrin idarə olunmasında zəngin təcrübəyə malik olan R.Vəzirov "Formula 1" turnirində baş həkim, I Avropa Oyunlarının Təşkilat Komitəsində tibbi və antidopinq işləri üzrə rəhbər müavini işləyib. O, həmçinin İslamiada, COP29 və MDB Oyunları çərçivəsində tibbi məsələlər üzrə məsləhətçi kimi fəaliyyət göstərib. Bundan başqa, Beynəlxalq Qızıl Xaç Komitəsi və Qlobal Fond kimi beynəlxalq təşkilatlarda da çalışıb.




