
Emal olunmuş qidaların beyin damarlarına mənfi təsiri aşkarlanıb
Kanadada aparılan araşdırma göstərib ki, çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər.
Kanadada aparılan və JAMA Network Open jurnalında dərc olunan tədqiqat çərçivəsində 35-69 yaş arası təxminən 9 min insanın sağlamlıq göstəriciləri təhlil edilib.
Araşdırma nəticəsində məlum olub ki, rasionunda ən çox emal olunmuş qidalara yer verən hər 9 nəfərdən birində beyin damarlarının zədələnməsi əlamətləri mövcuddur. Həmin qidaları az qəbul edən qrupda isə bu rəqəm hər 12 nəfərdən biri təşkil edib.
MRT müayinələrindən keçən iştirakçıların beynində iki əsas dəyişiklik aşkar olunub. Bunlar ağ maddədə yaranan pozuntular və qan dövranının zəifləməsi nəticəsində zədələnmiş beyin toxumalarıdır.
Mütəxəssislər qeyd edirlər ki, bu cür dəyişikliklər gələcəkdə insult, idrak qabiliyyətlərinin zəifləməsi və demensiya riskini artıra bilər. Bütün bu nəticələr yaş, siqaret çəkmək, fiziki aktivlik və digər amillər nəzərə alındıqdan sonra da özünü büruzə verib.
Bununla belə, alimlər hələ ki bu qidaların birbaşa beyin zədələnməsi yaratdığını qəti şəkildə sübut etmədiklərini vurğulayırlar. Səbəb-nəticə əlaqəsinin tam dəqiqləşdirilməsi üçün əlavə və uzunmüddətli araşdırmalara ehtiyac duyulur.




