
El-Klasiko matçı zamanı Eder Militaonun evi qarət olunub
İspaniyanın Real Madrid klubunun müdafiəçisi Eder Militaonun evindən 350 min avrodan çox qiymətli əşya oğurlanıb.
AzadAzərbaycan xəbər verir ki, İspaniya La Liqasının 10-cu turu çərçivəsində baş tutan "Real" - "Barselona" oyunu zamanı madridlilərin müdafiəçisi Eder Militaonun mənzilinə oğrular daxil olub.
Məlumata görə, cinayətkarlar futbolçunun La Moraleha adlı nüfuzlu yaşayış kompleksindəki evinə üçüncü mərtəbədə yerləşən vanna otağının pəncərəsindən giriblər. Onlar ümumi dəyəri 350 min avrodan çox olan qızıl-ziynət əşyalarını və lüks saatları aparıblar.
Hadisə baş verən anlarda braziliyalı müdafiəçinin ailə üzvlərinin evin birinci mərtəbəsində qarşılaşmanı izlədikləri bildirilir. Matçdan sonra evə qayıdan futbolçu qiymətli əşyalarının oğurlandığını öyrənib.
Oğurluq faktı ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə polis əməkdaşları və kompleksin özəl mühafizə xidmətinin nümayəndələri cəlb olunub, araşdırmalara başlanılıb.




