
DTX Biləsuvarda dronla gətirilən narkotiklə bağlı əməliyyat keçirib
Dövlət Təhlükəsizliyi Xidməti Biləsuvarda ölkəyə dron vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik maddə aşkarlayıb, 2 nəfər saxlanılıb.
AzadAzərbaycan xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti xüsusi əməliyyat həyata keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşının dron vasitəsilə Biləsuvar rayonunun Cəbrayıl qaçqın şəhərciyi yaxınlığına xüsusilə külli miqdarda narkotik vasitə keçirdiyi müəyyən edilib.
Ərazidəki narkotiki götürərək realizə etməyi planlaşdıran Azərbaycan Respublikasının vətəndaşları Rüfət Bədəlov və Rüstəm Muxtarov cinayət üstündə saxlanılıblar. Şübhəli şəxslərdən ümumilikdə 14 kiloqram 158 qram qurudulmuş marixuana, 979 qram metamfetamin və 23.1 qram tiryək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




