
Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd pozucusu zərərsizləşdirilib
Azərbaycanın cənub sərhədində silahlı müqavimət göstərən sərhəd pozucusu Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
AzadAzərbaycan xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətinə hərəkət edən pozucular müşahidə olunub.
Həyata keçirilən tədbirlər nəticəsində sərhəd zastavası "Silaha" komandası ilə qaldırılıb və ərazi tam nəzarətə götürülüb. Lakin qanuni əmrlərə tabe olmayan sərhəd pozucusu silahlı müqavimət göstərərək hərbçilərin həyatına qəsd etməyə cəhd edib.
Qanunvericiliyə uyğun olaraq silah tətbiq edilib və pozucu zərərsizləşdirilib. Baş verən hadisə ilə bağlı İran tərəfi məlumatlandırılıb.
Faktla əlaqədar cinayət işi açılıb, hazırda Hərbi Prokurorluq və DSX tərəfindən birgə istintaq-əməliyyat tədbirləri davam etdirilir.




