
Barselonada etiraz aksiyaları iğtişaşlarla və polislə toqquşmalarla nəticələndi
İspaniyanın Barselona şəhərində keçirilən icazəsiz nümayişlər kütləvi iğtişaşlara və polislə toqquşmalara səbəb olub.
İspaniyanın Barselona şəhərində təşkil olunan etiraz aksiyaları gərgin anlarla yadda qalıb. Əsasən gənclər və yeniyetmələrdən ibarət kütlə səbəbi hələlik məlum olmayan icazəsiz mitinqə toplaşıb.
Şəhər küçələrində barrikadalar quran etirazçılar zibil konteynerlərinə və motosikletlərə od vurublar. Hadisə yerinə gələn polis əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma yaşanıb və etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşqalaq ediblər.
Artan gərginlik səbəbindən ərazidəki mağazalar fəaliyyətlərini dayandırmağa məcbur qalıblar. Polis qüvvələri əsas izdihamı dağıtmağa nail olsa da, kiçik qruplar mərkəzi küçələrdə dağıntılar törətməyə davam ediblər.




