
Bakının Nizami rayonundakı kombinat ərazisində yanğın olub
Paytaxtın Nizami rayonunda yerləşən kombinatın ərazisində taxta və plastik tullantılar yanıb. FHN qüvvələrinin müdaxiləsi ilə alov qısa müddətdə söndürülüb.
AzadAzərbaycan xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yerləşən kombinatın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri göstərilən ünvana cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş verən alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində təxminən 1800 kvadratmetr sahəyə yığılmış materialların 500 kvadratmetrlik hissəsi yanıb. Qalan materiallar isə yanğından mühafizə olunub.




