
Azərbaycanda fəaliyyət göstərən muzeylərin sayı açıqlandı
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva ölkədəki muzeylər və abidələrin bərpası haqqında məlumat verib.
Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və dini konfessiyaların dinc yanaşı yaşadığı unikal məkan kimi tanınır. Ölkə ərazisində məscid, kilsə və sinaqoqların yan-yana fəaliyyət göstərməsi bu tarixi dözümlülük ənənələrinin bariz nümunəsidir.
AzadAzərbaycan xəbər verir ki, bu fikirləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusuna həsr olunmuş paneldə çıxışı zamanı səsləndirib.
Dövlət xidmətinin rəisi bildirib ki, bu gün ölkəmizdə zəngin və maraqlı eksponatları ilə diqqət çəkən 144 muzey fəaliyyətini davam etdirir.
Bununla yanaşı, Səbinə Hacıyeva diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzur azad edildikdən sonra həmin ərazilərdə yerləşən bütün tarixi-dini abidələrin bərpası prosesinə başlanılıb. Bu addımlar dövlətin maddi və mənəvi irsin qorunmasına xüsusi həssaslıqla yanaşdığını sübut edir.




