
Azərbaycanda avtomobillərdə qanunsuz reklamlara görə tətbiq edilən cərimələr azaldılır
Avtomobillərdə qanunsuz reklamların yayılmasına görə nəzərdə tutulan cərimələrin miqdarı endirilir. Məsələ Milli Məclisdə müzakirə edilib.
AzadAzərbaycan xəbər verir ki, avtomobillərdə qanunsuz reklamın yayılmasına görə cərimələrin miqdarının 2 min manatdan 50 manatadək endirilməsi nəzərdə tutulur.
Bu dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə əsasən, razılıq alınmadan nəqliyyat vasitələrində reklam yerləşdirilməsinə görə fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-200 manat, hüquqi şəxslər isə 1500-2000 manat məbləğində cərimələnirdilər.
Yeni layihəyə əsasən, həmin pozuntuya görə vahid olaraq 50 manat məbləğində cərimə tətbiq edilməsi təklif olunur. Eyni zamanda, bu cür halların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanması da nəzərdə tutulur.




