
Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatının vaxtı bəlli olub
FIFA Şurası Bürosunun iclasında Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi U-20 dünya çempionatının tarixi rəsmən açıqlanıb.
Bu gün FIFA Şurası Bürosunun növbəti iclası baş tutub və qarşıdakı mötəbər turnirlə bağlı mühüm qərarlar qəbul edilib.
AFFA-dan verilən məlumata görə, toplantıda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi 20 yaşadək futbolçular arasında “FIFA U-20 World Cup 2027™” yarışının keçiriləcəyi tarixlər müəyyənləşib. Çempionat 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq.
24 komandanın mübarizə aparacağı qlobal miqyaslı turnirin rəsmi brendi artıq ictimaiyyətə təqdim olunub. Gənc istedadlara və azarkeşlərə yönələn “Bu oyun sənlikdir” şüarı yeni nəsil futbolçuları yeni uğurlara səsləyir.
Xatırladaq ki, çempionatın rəsmi brendi Bakının simvolu sayılan Qız Qalasında, eləcə də Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya vasitəsilə nümayiş etdirilib. Qarşılaşmaları tribunadan izləmək istəyən şəxslər FIFA.com/tickets səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.




