
Aleksandr Lukaşenko Rusiyanın regionları ilə sovet tədarük sisteminin bərpasını təklif edib
Belarus Prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburq qubernatoru ilə görüşündə sovet dövründəki tədarük praktikasına qayıtmağı təklif edib.
Belarus lideri Aleksandr Lukaşenko sovet təcrübəsinin bərpa olunmasını və respublikanın Rusiyanın ayrı-ayrı regionlarına, o cümlədən Sankt-Peterburq, Kalininqrad və Moskva vilayətlərinə mal tədarükünə cavabdeh olmasını təklif edib.
AzadAzərbaycan xəbər verir ki, bu barədə o, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovla keçirilən görüş zamanı danışıb. Lukaşenko qeyd edib ki, keçmişdə Leninqrad və ətraf bölgələrdə çatışmayan bütün məhsulların istehsalı və daşınması onların üzərinə düşürdü.
Lakin hazırkı şəraitdə Moskvanın böyük miqyasını nəzərə alaraq bu nəhəng həcmin öhdəsindən gəlməyin çətin olacağını vurğulayan Belarus Prezidenti, ilk növbədə Sankt-Peterburq və Leninqrad vilayəti ilə əməkdaşlığın genişləndirilməsinə çağırıb.
Sonda o, Minsk şəhərinin Sankt-Peterburqla əməkdaşlıq çərçivəsində, xüsusən də maşınqayırma, liftlərin təmiri və ərzaq təchizatı istiqamətində bütün öhdəlikləri tam yerinə yetirəcəyini bəyan edib.




