
Evdən çıxanda telefonun bəzi funksiyalarını niyə söndürmək lazımdır
Mütəxəssislər evdən çıxarkən Wi-Fi və Bluetooth-u söndürməyin vacibliyini bildiriblər. Bu, təhlükəsizliyi artırır və enerjiyə qənaət edir.
Evdən kənarda olarkən Wi-Fi və Bluetooth bağlantılarından istifadə edilmədiyi təqdirdə onların söndürülməsi şəxsi məlumatların qorunması və batareya ömrünün uzadılması baxımından önəmlidir. Almaniyanın Federal İnformasiya Təhlükəsizliyi İdarəsinin tövsiyələrinə əsasən, aktiv simsiz funksiyalar daimi olaraq şəbəkə və cihaz axtarışı apardığı üçün əlavə enerji sərf edir.
Digər tərəfdən, açıq qalan simsiz şəbəkələr kibercinayətkarların hədəfinə çevrilə bilər. Dələduzlar məşhur şəbəkə adlarına bənzər saxta giriş nöqtələri yaradaraq istifadəçilərin məlumatlarını ələ keçirməyə çalışırlar. Bağlantıların vaxtında deaktiv edilməsi bu kimi risklərin qarşısını alır.
Həmçinin, telefonun əvvəllər qoşulduğu şəbəkələr haqqında məlumatlar istifadəçinin olduğu yeri müəyyənləşdirmək üçün istifadə oluna bilər ki, bu da məxfilik təhlükəsi yaradır. Hər dəfə əl ilə tənzimləmək istəməyənlər isə xüsusi avtomatlaşdırma funksiyalarından və qısayollardan yararlana bilərlər.




