
Abşeron rayonunun Fatmayı kəndində fərdi evdə partlayış baş verib
Abşeron rayonunun Fatmayı kəndində yerləşən fərdi yaşayış evində partlayış qeydə alınıb, nəticədə iki nəfər xəsarət alıb.
AzadAzərbaycan xəbər verir ki, Abşeron rayonunun Fatmayı kəndindəki fərdi yaşayış evlərindən birində partlayış hadisəsi qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə dərhal məlumat daxil olub.
Məlumatdan sonra hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları göndərilib. Mütəxəssislər tərəfindən ərazidə operativ qiymətləndirmə aparılıb.
Araşdırma nəticəsində məlum olub ki, hadisə evin yaxınlığındakı 10 kvadratmetrlik köməkçi tikkidə yanğına səbəb olmayan partlayış şəklində baş verib. Partlayışın gücündən dəhlizin tavanının 4 kvadratmetrlik hissəsi dağılıb.
Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən dərhal zəruri təhlükəsizlik tədbirləri icra edilib və faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.




