
Xalq artisti Firəngiz Mütəllimova niyə ailə qurmadığını açıqlayıb
Tanınmış aktrisa Firəngiz Mütəllimova efirdə şəxsi həyatından danışaraq niyə ailə həyatı qurmadığının səbəbini bölüşüb.
Azərbaycanın Xalq artisti Firəngiz Mütəllimova qonaq olduğu televiziya proqramında şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib. Sənətçi illər öncə ailə qura bilməməsinin səbəblərindən söz açıb.
O bildirib ki, gənclik illərində canlandırdığı obrazların təsirindən çıxa bilməyib: "Mən gənc qız idim, ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı 'Səni axtarıram' teletamaşasında canlandırdığım 'Gülnar'ı sevir, məni yox. İnsanlardan uzaqlaşdım, bir az inamım azaldı. Qohumlarımdan da uzaqlaşdım. Dedim ki, bunlar hamısı 'Gülnar'ı sevir".
Həmin dövrdə pərəstişkarlarının çox olduğunu deyən aktrisa teatrda yeşiklərlə məktublar aldığını xatırladıb: "O vaxt bəlkə də, teatrda yeşiklərlə məktublar alırdım. Həmin dövrdə mobil telefon yox idi. Məktublar, əlində güllə dayanıb gözləyənlər var idi. Amma peşman deyiləm, o mənim alın yazım idi. Taleyim, qismətim idi".




