
Ukraynadan idxal olunan kərə tərkibli spred yağında uyğunsuzluq tapıldı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Ukraynadan gətirilən spred yağında uyğunsuzluq aşkar edərək məhsulun satışını dayandırıb və geri çağırılması barədə qərar qəbul edib.
AzadAzərbaycan xəbər verir ki, Ukraynadan ölkəmizə gətirilən kərə tərkibli spred yağı məhsulunda normativ tələblərə uyğunsuzluq müəyyən edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin verilən məlumata əsasən, "Qədiroğlu" MMC tərəfindən idxal edilən və Ukraynanın "Ratnovskiy molokozavod" MMC müəssisəsində istehsal olunan "Lyuks Golden Ratne 81,5%, 5 kq" əmtəə nişanlı (istehsal və son istifadə tarixi 25.08.2026 - 25.08.2027) spred yağından nümunələr götürülərək laboratoriyada analiz olunub. Sınaqlar nəticəsində məhsul partiyasında kənaraçıxmalar aşkar edilib.
Aşkarlanmış faktla əlaqədar həmin məhsul partiyasının satışının dayandırılması və bazardan geri çağırılması barədə qərar verilib. Bununla yanaşı, Ukraynanın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilərək istehsalçı müəssisədən ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması tələb olunub.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın "Renet" müəssisəsinin istehsalı olan yağ məhsulunda da təhlükəli maddə (3-MCPD) aşkar edildiyi üçün həmin ölkənin Dövlət Xidmətinə ixracın dayandırılması ilə bağlı müraciət edilmişdi.




