
Noyabrın 9-da Bakının bir sıra küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq
Zəfər Günü münasibətilə keçiriləcək hərbi yürüşlərlə əlaqədar sabah Paytaxtın bəzi yollarında avtomobillərin hərəkətinə qismən məhdudiyyət qoyulacaq.
AzadAzərbaycan xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək hərbi yürüşlərlə bağlı sürücülərə xəbərdarlıq edib. Noyabrın 9-da saat 11:00-dan 13:00-dək hərbi qulluqçuların müəyyən edilmiş marşrutlar üzrə yürüşü planlaşdırılır.
Tədbir çərçivəsində yürüşlər 5 müxtəlif istiqamət üzrə təşkil olunacaq. Birinci marşrut Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı və Dəniz Vağzalı istiqamətini əhatə edəcək. İkinci yürüş isə Şəhidlər Xiyabanından başlayaraq 'Alov Qüllələri', Çəmbərəkənd parkı, 'İçərişəhər' metrostansiyası, Qala qapısı, Kukla teatrı, Azneft dairəsi və Bəhram Gur heykəlinədək davam edəcək.
Üçüncü marşrut Q.Musabəyov parkından başlayıb Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı və Parlament prospektindən keçməklə Şəhidlər Xiyabanında başa çatacaq. Dördüncü istiqamət 'Olimpik Star' Mərkəzindən Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı və Nəsimi heykəli ilə Neftçilər prospektinə qədər uzanacaq.
Beşinci marşrut üzrə yürüş isə Nəriman Nərimanovun heykəli, Mərkəzi Park, Akademik Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank və '28 Mall' Ticarət Mərkəzi istiqamətində reallaşacaq. Yol polisi sürücülərdən sıxlığın qarşısını almaq üçün marşrutları öncədən planlaşdırmağı və alternativ yollardan istifadə etməyi xahiş edir.




