
Şəki Yaylasında iki nəfərin ölümü ilə nəticələnən hadisə üzrə təqsirləndirilənlər həbs olunub
Şəkidə zipline kanat yolunda baş verən və iki nəfərin ölümünə səbəb olan faciə ilə bağlı iki nəfər həbs edilib, istintaq davam edir.
AzadAzərbaycan xəbər verir ki, Şəki Yaylasında iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində təqsirli bilinən şəxslər məsuliyyətə cəlb olunublar.
Aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, zipline kanat yolu üçün nəzərdə tutulmuş qüllənin inşası müvafiq lisenziyası və xüsusi təhsili olmayan şəxsə həvalə olunub. Qanunsuz inşa edilən qüllənin konstruksiyasında baş verən deformasiya və kustar üsulla hazırlanan təhlükəsizlik vasitələrinin nasazlığı faciəyə səbəb olub.
Hadisə nəticəsində kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq həlak olublar. Faktla bağlı cinayət işinin maddələri ağırlaşdırılaraq yenidən tövsif edilib.
Şəki rayon məhkəməsinin qərarları ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda hadisə ilə əlaqədar ibtidai istintaq davam etdirilir.




