
Sabah Bakıda hava yağmursuz keçəcək, 23 dərəcəyə dək isti olacaq
Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz olacağı, temperaturun 23 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, noyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Paytaxtda şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 11-14 dərəcə, gündüz isə 18-23 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 766-dan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət isə gündüz saatlarında 60-65 faiz arasında dəyişəcək.
Ölkənin rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gündüz saatlarında bəzi dağlıq bölgələrdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Bəzi yerlərdə duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək.
Bölgələrdə havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 19-24 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5-10 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.




