
Rusiyada şirkətlərin kütləvi iflas dalğası genişlənir
Rusiyada bu ilin doqquz ayı ərzində 5,4 minə yaxın şirkət müflis olub. Yüksək faiz dərəcələri və vergi yükü biznesin vəziyyətini çətinləşdirir.
AzadAzərbaycan xəbər verir ki, Rusiyada iqtisadi çətinliklər fondunda hüquqi şəxslərin müflisləşmə hallarında kəskin artım müşahidə olunur. İlin ilk doqquz ayının nəticələrinə əsasən, 5,4 minə yaxın müəssisə iflas elan olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz çoxdur. Təkcə üçüncü rübdə müflisləşən firmaların sayı 18,5 faiz artaraq 1,8 minə çatıb.
Federal Resursun məlumatına görə, borcluların və kreditorların müflisləşmə ilə bağlı müraciətlərində də nəzərəçarpacaq artım qeydə alınıb. İflasla bağlı yeni başlanmış işlərin sayı doqquz ayda 23,6 faiz artaraq 4,6 minə yüksəlib. Bununla yanaşı, vergi xidmətinin müraciətləri əsasında qaldırılan işlərin payı da 15,6 faizdən 24,2 faizə qədər artıb.
Rusiyada biznes mühitinə istehlak tələbatının azalması, yüksək əsas faiz dərəcəsi və artan vergi yükü mənfi təsir göstərir. Hökumətin gəlir vergisini və ƏDV-ni 22 faizə qaldırması, eləcə də kiçik biznes üçün güzəştli sistemlərin ləğvi sahibkarların vəziyyətini daha da ağırlaşdırıb. Nəticədə İT, pərakəndə satış, infrastruktur və hətta hərbi-sənaye kompleksi müəssisələri iflas təhlükəsi ilə üzləşib.
Ekspertlər bildirirlər ki, inflyasiya, kreditlərin bahalaşması və Mərkəzi Bankın monetar siyasəti iqtisadiyyatda zəncirvari reaksiya yaradıb. Mərkəzi Bank faiz dərəcəsini sonuncu dəfə iyulda 14 faizə endirsə də, eyni səviyyədə saxlaması mənfi amillərin toplanmasına və şirkətlərin mənfəətinin böhran dövrünün minimumlarına düşməsinə səbəb olub.




