
Azərbaycanda süd və yumurta istehsalı üzrə yeni uçot qaydaları tətbiq ediləcək
Azərbaycanda kənd təsərrüfatı sahəsində süd və yumurta istehsalının ümumi həcmi yeni tələblərə əsasən qeydiyyata alınacaq.
AzadAzərbaycan xəbər verir ki, ölkədə fermer və şəxsi təsərrüfatlarda əldə olunan süd və yumurtanın ümumi həcminin qeydiyyatı yeni sistem üzrə aparılacaq. Qaydalara əsasən, ötən il ərzində sağmal heyvanlardan əldə edilən südün həcmi hesablanarkən yalnız satışa çıxarılan məhsul nəzərə alınmayacaq.
Bununla yanaşı, təsərrüfat sahibinin öz ehtiyacları üçün istifadə etdiyi, pay verdiyi, natura formasında mübadilə etdiyi və balalara içirdiyi süd də ümumi göstəriciyə daxil ediləcək. Lakin kənardan alınan süd istehsal həcminə əlavə olunmayacaq.
Analoji uçot sistemi yumurta istehsalına da şamil olunur. Yumurtanın satılması, inkubasiyada istifadəsi və ya şəxsi istehlak üçün ayrılmasından asılı olmayaraq, əldə olunan bütün məhsul ümumi statistikaya daxil ediləcək.
İllik dəqiq göstəricilər olmadıqda süd istehsalı sağmal heyvanların sayı, gündəlik orta süd verimi və sağım günlərinin müddətinə əsasən hesablanacaq. Yumurta üzrə də oxşar üsulla quşların sayı və orta yumurtlama səviyyəsi əsas götürüləcək. Yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.




