
Rusiya hərbi peyki ABŞ-da qeydiyyatda olan kommersiya aparatına yaxınlaşıb
Rusiyanın Kosmos-2612 hərbi peyki həyata keçirdiyi manevrlər nəticəsində orbitini ICEYE-X36 kommersiya radar peykinə qədər yaxınlaşdırıb.
2026-cı ilin oktyabr ayında Rusiyanın hərbi peyki olan “Kosmos-2612” bir sıra manevrlər icra edərək öz trayektoriyasını kommersiya radar peyki “ICEYE-X36”-nın orbitinə yaxınlaşdırıb. Açıq məlumatlara görə, oktyabrın 17-18-də kosmik aparatlar bir-birindən cəmi bir neçə kilometr, bəzi hesablamalara görə isə daha yaxın məsafədə olublar.
“Kosmos-2612” cari ilin aprel ayında Plesetsk Kosmodromundan kosmosa buraxılıb. Aşağı Yer orbitində fəaliyyət göstərən “ICEYE-X36” isə ABŞ-da qeydiyyatdan keçib və Finlandiya şirkətinin Amerika bölməsi tərəfindən idarə olunur. Bu aparat istənilən hava şəraitində görüntü əldə etməyə imkan verən sintetik diafraqma radar texnologiyasından istifadə edir və Ukrayna ilə əməkdaşlıq çərçivəsində məlumatlar ötürür.
Hollandiyalı peyk müşahidə mütəxəssisi Marko Lanqbrukun bildirdiyinə görə, “Kosmos-2612” tərəfindən həyata keçirilən manevrlər seriyası sentyabrın sonunda başlayıb və oktyabrda davam etdirilib. Bu dəyişikliklər hər iki kosmik gəminin hündürlük və orbital dövr kimi bir sıra parametrlərinin sinxronlaşdırılmasına səbəb olub.
Mütəxəssislər peyklərin bu cür yaxınlaşmasını təhlil edərək müxtəlif nəzəriyyələr irəli sürürlər. Lakin ilkin məlumatlara əsasən, oktyabrın 18 tarixinə olan vəziyyətə görə “ICEYE-X36” aparatının fiziki zədə aldığına və ya toqquşma baş verdiyinə dair heç bir əlamət aşkar edilməyib.




