
Rusiya əcnəbi işçilərin cəlb edilməsi üçün kvotanı artırmağı planlaşdırır
Rusiya Əmək Nazirliyi 2027-ci ildə viza tələb olunan ölkələrdən gələn əcnəbi işçilər üçün kvotanın əhəmiyyətli dərəcədə artırılmasını təklif edib.
Rusiya Əmək Nazirliyi 2027-ci ildə viza rejimi tətbiq olunan ölkələrdən əcnəbi işçilərin cəlb edilməsi üçün kvotanın 382,8 min icazəyə qədər artırılmasını təklif edib. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 104 min və ya 37 faiz çoxdur.
Hökumətin müvafiq qərar layihəsi ictimai müzakirəyə çıxarılıb. Xarici mütəxəssislərə olan ehtiyac ölkə regionlarındakı işəgötürənlərin idarələrarası komissiyalarla razılaşdırılmış müraciətləri əsasında formalaşıb.
Əmək Nazirliyindən bildirilib ki, tələbatın 92 faizi ixtisaslı işçilərin payına düşür. Kvota mexanizmi sayəsində Rusiya müəssisələri Çin, Hindistan, Vyetnam, Türkmənistan, Banqladeş, Şri-Lanka və Türkiyədən mütəxəssislər cəlb edirlər.
Xarici işçilər əsasən iri infrastruktur və sənaye layihələrinin həyata keçirilməsi üçün zəruridir. Buraya Amur qaz-kimya kompleksləri, “Vostoçnıy” kosmodromunun ikinci mərhələsi, Moskva-Sankt-Peterburq yüksək sürətli dəmir yolu magistralının tikintisi və digər layihələr daxildir.




