
Rusiya Azərbaycanın geri qaytardığı təhlükəli spred məhsulunu satışdan yığışdırır
Azərbaycanın keyfiyyətsiz olduğu üçün ölkəyə buraxmayaraq Rusiyaya qaytardığı 20 tonluq bitki-yağlı spred partiyası ilə bağlı Tula vilayətində yoxlamalara başlanılıb.
Rusiyanın Tula vilayətində təhlükəsizlik standartlarına cavab vermədiyi üçün əvvəlcədən Azərbaycana gətirilməsinə qadağa qoyulan “Krestyanskoye Çudo” bitki-yağlı spredinin aşkarlanması və satış şəbəkələrindən yığışdırılması istiqamətində zəruri addımlar atılır.
Rusiya “Rospotrebnadzor” qurumunun regional idarəsindən verilən məlumata görə, yoxlamalara başlanılmasına səbəb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumat olub. Belə ki, qurumun mütəxəssisləri “NİKA-MİLK” MMC-nin istehsal etdiyi məhsul üzərində laborator araşdırmalar apararkən müəyyən pozuntularla qarşılaşıblar.
Aparılan ekspertiza zamanı yağlılığı 82,5 faiz təşkil edən spredin tərkibində 3-monoxlorpropan-1,2-diol maddəsinin miqdarının normativ tələbləri üstələdiyi üzə çıxıb. Qeyd olunan birləşmə bitki yağlarının yüksək istilikdə emalı nəticəsində əmələ gəlir və onun qida məhsullarındakı miqdarı qanunvericiliklə ciddi şəkildə məhdudlaşdırılır.
Nəticə etibarilə Azərbaycan ümumi çəkisi 20 ton olan təhlükəli məhsul partiyasının idxalına veto qoyaraq onları istehsalçı ölkəyə geri qaytarıb. Hazırda “Rospotrebnadzor” əməkdaşları ticarət obyektlərində nəzarət tədbirlərini davam etdirirlər.




