
Rəcəb Tayyib Ərdoğan iki azərbaycanlı həkimi mükafatlandırdı
Türkiyədə çalışan azərbaycanlı həkimlər Fərid Qasımzadə və Şahin Xanalıoğlu tibb sahəsindəki xidmətlərinə görə nüfuzlu mükafatlara layiq görülüblər.
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər – Ankara Bilkent Şəhər Xəstəxanasının Ürək və Damar Cərrahiyyəsi Klinikasının üzvü dosent-doktor Fərid Qasımzadə və Hacettepe Universiteti Tibb fakültəsinin Beyin və Sinir Cərrahiyyəsi kafedrasının əməkdaşı dosent-doktor Şahin Xanalıoğlu tibb elminə və iki ölkə arasında səhiyyə əlaqələrinin genişlənməsinə verdikləri mühüm töhfələrə görə təltif olunublar.
AzadAzərbaycan xəbər verir ki, təltifetmə mərasimi 31 oktyabr 2026-cı il tarixində İstanbulda Türkiyə Prezident Administrasiyasının himayəsi və Türkiyə Sağlamlıq İnstitutları Başkanlığının (TÜSEB) təşkilatçılığı ilə baş tutan 12-ci Türk Tibb Dünyası Qurultayı çərçivəsində reallaşıb.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən iştirak edib. Tədbir zamanı neyrocərrah Şahin Xanalıoğluna “TÜSEB Türk Dünyası Səhiyyə və Elm Fəxri Beratı” ilə yanaşı “TÜSEB Təşviq Mükafatı”, ürək-damar cərrahı Fərid Qasımzadəyə isə “TÜSEB Türk Dünyası Səhiyyə və Elm Fəxri Beratı” təqdim olunub.
Qeyd edək ki, mükafatların təqdim olunması mərasimində Türkiyə dövlət başçısı ilə birgə səhiyyə naziri Kamal Məmişoğlu və TÜSEB rəhbəri Ümid Kervan da iştirak ediblər.




