
Psixoloqlardan vacib qərarların təxirə salınması ilə bağlı açıqlama
Mütəxəssislər insanların vacib qərarları nə səbəbdən təxirə saldığını və bu vərdişdən qurtulmağın yollarını izah ediblər.
İnsanlar çox vaxt vaxt və ya motivasiya çatışmazlığından deyil, məhz qeyri-müəyyənlik və səhv etmək qorxusundan vacib qərarları təxirə salmağa üstünlük verirlər. Alternativlərin fasiləsiz olaraq müqayisə edilməsi və ideal çıxış yolu axtarışı həyəcanı daha da gücləndirir, gecikdirmə isə insana yalnız qısamüddətli rahatlıq hissi bəxş edir.
Mütəxəssislər bu cür davranışın əsas mexanizmlərindən birini mənfi dəstək adlandırırlar. Fərd xoşagəlməz bir addımdan yayınaraq rahatlıq duyduqda, beyin həmin reaksiyanı qeydə alır və gələcəkdə yenidən eyni gecikməyə sövq edir. Buna baxmayaraq, mövcud problem heç yana getmir və həllini gözləməyə davam edir.
Digər mühüm səbəb isə hər zaman ən yaxşı variantı tapmaq istəyidir. Psixologiyada bu xüsusiyyət maksimallaşdırma kimi qiymətləndirilir. İnsan daha faydalı bir fürsəti əldən vermək qorxusu ilə seçimləri dəfələrlə müqayisə edir və nəticədə qərar qəbul etməkdə çətinlik çəkir.
Mütəxəssislər bu cür hallarla üzləşənlərə seçimi iki və ya üç real variantla məhdudlaşdırmağı və yalnız həqiqətən əhəmiyyətli məqamlara diqqət yetirməyi tövsiyə edirlər. Mükəmməl nəticə əvəzinə mövcud tələbatı ödəyən məqbul həll yolu axtarmaq daha məqsədəuyğundur.
Qərarsızlıq sindromunu aradan qaldırmağın digər effektiv üsulu isə kiçik bir addımla başlamaqdır. Lazım olan məlumatları toplamaq, müvafiq mütəxəssislə əlaqə saxlamaq və ya görüş təyin etmək bu prosesi asanlaşdıra bilər. Psixoloqlar həmçinin hər kəsə özünə sual verməyi məsləhət görürlər: həqiqətənmi kifayət qədər məlumat yoxdur, yoxsa əsas səbəb sadəcə səhv etmək qorxusudur?




