
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsindəki şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda yaradılan müasir Zeytun müəssisəsindəki fəaliyyət və görülən işlərlə yaxından tanış olub.
AzadAzərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsinə baş çəkərək burada yaradılan şəraitlə tanış olub. "Aqroinkişaf 2017" MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına təsərrüfatın fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin dekabrından başlayan mina təmizləmə prosesindən sonra dərhal əkin işlərinə start verilib. İlk mərhələdə taxıl əkini aparılıb və məhsuldarlıq 40 sentner təşkil edib. Həmçinin 1150 hektar ərazidə 700 mindən çox zeytun ağacı əkilib. Gələcəkdə zeytun və badam ağaclarının sayının 1.5 milyona çatdırılması, illik 10 min ton zeytun hasilatı nəzərdə tutulur.
Layihə çərçivəsində infrastruktur yenilənib, suvarma kanalları çəkilib və 3690 metrlik Eyvazxanbəyli-Xaçınçay avtomobil yolu təmir olunub. Ərazidə meşə zolaqları salınıb, yanacaqdoldurma məntəqəsi və meteostansiya istifadəyə verilib.
Bununla yanaşı, dövlət başçısına ölkədə qoz və badam istehsalı, eləcə də "Acınohur Zeytun vadisi" layihəsi barədə ətraflı məlumat təqdim olunub. Səfərin sonunda Prezident İlham Əliyev ərazidə zeytun ağacı əkib.




