
ABŞ Senatına seçilən ilk müsəlman Əbdül Əl-Sayedin qələbə nitqi
Miçiqan ştatından ABŞ Senatına seçilən ilk müsəlman Əbdül Əl-Sayed qələbə çıxışı zamanı diqqətçəkən bəyanatlar verib.
AzadAzərbaycan xəbər verir ki, Miçiqan ştatında Respublikaçı namizəd Mayk Rocersə qalib gələrək ABŞ Senatına seçilən ilk müsəlman Əbdül Əl-Sayed (Əbdürrəhman Məhəmməd Əl-Sayed) təmtəraqlı qələbə çıxışı edib. Detroytda təşkil edilən tədbirdə ərəb mədəniyyətinə xas olan ənənəvi nidalar və ifadələr işlədilib, tərəfdarları onu alqışlarla qarşılayıblar.
Tədbirdə çıxış edən siyasətçi tərəfdarlarına müraciət edərək uğura imza atdıqlarını bildirib. Misir əsilli olan senator çıxışında ailə köklərinə və ana dilinə vurğu edərək mənəvi dəyərlərin onun üçün vacibliyini diqqətə çatdırıb.
Senatın yeni üzvü çıxışında ABŞ-ın seçilmiş prezidenti Donald Tramp və vitse-prezident C.D. Vensə də istehzalı mesajlar ünvanlayıb. O, Konstitusiyaya əsasən 2027-ci ilin yanvarında Vensin ona and içdirəcəyini xatırladıb. Eyni zamanda, seçki kampaniyası dövründə ona qarşı 42 milyon dollar xərcləyən Amerika-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC) və digər nüfuzlu lobbi qruplarının təzyiqlərinə baxmayaraq qələbə qazandığını qeyd edib.
Çıxışının əsas hissəsini Fələstin mövzusuna həsr edən Əl-Sayed, fələstinli uşaqların Amerikalı vergi ödəyicilərinin vəsaitləri hesabına öldürülmək qorxusu olmadan öz torpaqlarında yaşamaq hüququ olduğunu vurğulayıb. O, Fələstin xalqının sülh, ləyaqət və öz müqəddəratını təyin etmə hüquqlarını müdafiə etməyin nifrət deyil, sevgi göstəricisi olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-da doğulub böyüyən Əbdül Əl-Sayed Oksford və Kolumbiya universitetlərində tibb və ictimai səhiyyə üzrə təhsil alıb. Əvvəllər Detroyt səhiyyə sistemində və müvafiq dövlət departamentlərində rəhbər vəzifələrdə çalışan siyasətçi bu qələbəsi ilə Amerika siyasət tarixinə adını yazdırıb.




