
Nikol Paşinyan Ermənistanda yeni müxalifətin yaranmasının vacibliyini qeyd edib
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə xarici təsirdən uzaq və dövlət maraqlarını üstün tutan yeni müxalifət qüvvələrinin formalaşmalı olduğunu bildirib.
AzadAzərbaycan xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə dövlət yönümlü yeni müxalifətin yaranmasının zəruriliyini bəyan edib. O, bu barədə oktyabrın 25-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələrini şərh edərkən sosial şəbəkədəki canlı yayım zamanı danışıb.
Hökumət başçısı bir sıra icmalarda rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının 80-90 faizdən artıq səs qazanmasının onda sevinc deyil, müəyyən suallar doğurduğunu etiraf edib. Onun sözlərinə görə, belə yüksək nəticələr keçmiş təcrübələrlə bağlı müəyyən assosiasiyalar yaradır.
Paşinyan ölkədə xaricdən idarə olunan qüvvələrin ləğv edilməsinin və bunun əvəzinə milli maraqlara xidmət edən gerçək müxalifətin meydana gəlməsinin vacibliyini vurğulayıb. Baş nazir əlavə edib ki, belə bir struktur mütləq olmalıdır, lakin onu heç bir halda birbaşa hökumət özü formalaşdırmamalıdır.




