
Naxçıvanda dövlət əmlakının mənimsənilməsində təqsirləndirilən vəzifəli şəxs həbs olundu
Naxçıvan Aqroservis ASC-nin sədri Cavid Ağaməliyev dövlət əmlakının mənimsənilməsi ittihamı ilə dörd aylıq həbs edilib.
Naxçıvanda dövlət əmlakının mənimsənilməsi işi üzrə hüquq-mühafizə orqanları tərəfindən yeni tədbirlər həyata keçirilib. Aparılan araşdırmalar çərçivəsində şübhəli şəxs qismində saxlanılan "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində məhkəmə qərarı çıxarılıb.
Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Naxçıvan şəhər Məhkəməsində baxılan iş üzrə qərar elan olunub. Məhkəmənin hökmünə əsasən, Cavid Ağaməliyev barəsində dörd aylıq müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvan Aqroservis" ASC-nin rəhbəri dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Faktla əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılaraq istintaq aparılır.




