
Kriminal aləmdə Piter Elçin kimi tanınan şəxsin qardaşının qətli ilə bağlı qərar verilib
Ali Məhkəmə kriminal aləmdə tanınan Elçin İsmayılovun qardaşının qətlində təqsirləndirilən şəxsin işi üzrə qərar qəbul edib.
AzadAzərbaycan xəbər verir ki, Ali Məhkəmədə kriminal aləmdə Piter Elçin ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu qətlə yetirməkdə təqsirli bilinən Murad Quluzadənin barəsindəki qərardan verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.
İttihama əsasən, hadisə 2012-ci ildə Moskvada baş verib. Murad Quluzadə əmisi oğlunun ölümündə Fariz İsmayılovun əli olduğunu güman edərək qisas məqsədi ilə onu qəsdən öldürüb. O, mağazadan çıxan F.İsmayılova avtomaşından fasiləsiz olaraq 24 dəfə atəş açaraq onu qətlə yetirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quluzadə 14 il azadlıqdan məhrum edilib. Lakin sonradan prokurorun protesti əsasında Ali Məhkəmə Şirvan Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və işin yenidən araşdırılması üçün göndərilməsinə qərar verilib.
Xatırladaq ki, qətlə yetirilən Fariz İsmayılov Piter Elçin ləqəbli Elçin İsmayılovun qardaşıdır. Ümumilikdə dörd qardaş olan ailədən artıq iki qardaş qətlə kurban gedib.




