
Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınması planlaşdırılır
Gələn il şəhid ailələri və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 40 milyon manat ayrılacaq, 600 mənzil alınacaq.
AzadAzərbaycan xəbər verir ki, Milli Məclisin komitələrinin birgə iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mühüm açıqlamalar verib.
Nazir bildirib ki, 2027-ci ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün 600 mənzilin alınması nəzərdə tutulur. Bu məqsədlə mənzil-məişət şəraitinin yaxşılaşdırılması proqramı çərçivəsində 40 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
Bununla yanaşı, növbəti ildə imtiyazlı kateqoriyadan olan vətəndaşların avtomobil və reabilitasiya vasitələri ilə təminatı proqramları da davam etdiriləcək. Tibbi göstərişləri olan müharibə əlillərinin nəqliyyat vasitələri və reabilitasiya vasitələri ilə təmin olunması üçün 30 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub.




