
FHN ötən həftə üzrə yanğın və xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb
Fövqəladə Hallar Nazirliyi ötən həftə ərzində ölkə üzrə həyata keçirilən yanğınsöndürmə və qəza-xilasetmə əməliyyatlarının nəticələrini təqdim edib.
AzadAzərbaycan xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında qurumun aidiyyəti strukturları ötən həftə ərzində 143 yanğına çıxış təmin edib.
Eyni dövr ərzində Nazirlik qüvvələri tərəfindən 30 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları icra olunub.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində yanğınların qısa müddətdə söndürülməsi və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi reallaşdırılıb.
Ümumilikdə, FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində ötən həftə 10-u azyaşlı olmaqla 38 nəfər xilas edilib. Həmçinin müxtəlif insidentlər, o cümlədən bağlı qapı arxasında qalma və avtoqəzalarla əlaqədar 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.




