
Evdən onlayn satış edənləri hansı vergi öhdəlikləri gözləyir
Azərbaycanda ev şəraitində onlayn ticarətlə məşğul olmaq istəyən şəxslərin əməl etməli olduğu hüquqi və vergi tələbləri açıqlanıb.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslər fəaliyyətə başladıqları günədək vergi orqanına müraciət edərək uçota durmalı və VÖEN əldə etməlidirlər. Eldə olunan gəlirlərdən isə qanunvericiliyə uyğun olaraq vergilər dövlət büdcəsinə ödənilməlidir.
AzadAzərbaycan xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, vətəndaşlar "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni təqdim etməklə tamamilə ödənişsiz şəkildə qeydiyyatdan keçə bilərlər. Bu proses ASAN xidmət mərkəzlərində, həmin mərkəzlərin mövcud olmadığı bölgələrdə isə vergi ödəyicilərinə xidmət mərkəzləri vasitəsilə həyata keçirilir.
Vergi öhdəlikləri qeydiyyat zamanı seçilən vergitutma sistemindən asılı olaraq sadələşdirilmiş vergi və ya gəlir vergisindən ibarət olur. Qanunvericiliyə görə, müəyyən edilmiş müddətdə vergi uçotuna durmaq üçün ərizə təqdim etməyənlər barədə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.




