
Bakıda Zəfər Gününə həsr olunmuş aksiyada 300 yeni ağac əkilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nərimanov rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.
AzadAzərbaycan xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində 8 Noyabr – Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası baş tutub. Tədbirdə qurumun rəhbərliyi, əməkdaşları, eləcə də şəhid ailələrinin üzvləri və qazilər fəal iştirak ediblər.
Aksiya çərçivəsində öncə həmin ərazi məişət və digər tullantılardan təmizlənib. Daha sonra Abşeron yarımadasının iqlim və torpaq xüsusiyyətlərinə uyğun gələn 300 ədəd yeni ağac tingi torpağa basdırılıb.
Bu addım paytaxtda ekoloji mühitin yaxşılaşdırılması, biomüxtəlifliyin bərpası və şəhərin estetik görünüşünün artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Əkilən bitkilərin mütəmadi suvarılması və onlara lazımi qulluğun olunması üçün məsul şəxslər təyin olunub. Mövsüm boyunca Bakı üzrə yaşıllaşdırma işlərinin ardıcıl şəkildə sürdürülməsi planlaşdırılır.




