
Bakıda Qarabağın dirçəlişini əks etdirən fotosərgi təşkil olunub
Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdəki bərpa və quruculuq işlərinə həsr olunan fotosərgi keçirilir.
İşğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərini ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” adlı fotosərgi təşkil edilib.
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova bildirib ki, eksponatlar vasitəsilə regionda həyata keçirilən layihələr, tarixi-mədəni irsin bərpası və bölgənin zəngin təbiəti nümayiş olunur. Layihə paytaxt sakinlərinə və qonaqlara Qarabağın keçdiyi inkişaf yolunu əyani şəkildə görmək imkanı yaradır.
Təşəbbüs yerli və beynəlxalq ictimaiyyətin diqqətini bərpa prosesinə cəlb etməyə xidmət edir. Şöbə müdirinin sözlərinə görə, fotoların üzərindəki QR kodlar vasitəsilə Fondun rəsmi saytına daxil olmaq, görülən işlərlə tanış olmaq və prosesə könüllü ianə ilə dəstək vermək mümkündür.
Bu layihə Fondun Bakı Metropoliteni ilə birgə reallaşdırdığı ikinci fotosərgidir. Bundan əvvəl “Nərimanov” stansiyasında Ermənistanın işğalı dövründə törədilmiş vandalizm aktlarını və dağıntıları əks etdirən 90-a yaxın şəkildən ibarət “Qarabağda Urbisid” sərgisi təqdim edilmişdi.




