
Bakı ilə Tbilisi arasında gündəlik qatar reyslərinin sayı dördə yüksəlib
Azərbaycan Dəmir Yolları beynəlxalq istiqamətdə artan tələbatı qarşılamaq üçün Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını dördə çatdırıb.
Azərbaycan Dəmir Yolları QSC tərəfindən beynəlxalq istiqamətdə artan sərnişin tələbatını ödəmək və səyahət imkanlarını genişləndirmək məqsədilə noyabrın 1-dən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik dörd reysin icrasına başlanılıb. Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılıb ki, bu da təxminən 50 faiz artım deməkdir.
Paytaxtdan Tbilisiyə yola düşən ilk əlavə reys tam doluluqla hərəkət edib. Yeni reyslərin istifadəyə verilməsi sərnişinlərə daha sərfəli büdcə ilə səyahət etmək imkanı yaradır. Standart sinif üzrə biletlərin qiyməti 36 manatdan başlayır və yeni aşağı büdcəli seçim sayəsində sərnişinlər biletləri 30 faizədək daha ucuz əldə edə bilirlər.
Marşrut üzrə bir istiqamətə minimum gediş haqqı Bakıdan Tbilisiyə 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat təşkil edir. Müqayisə üçün komfort sinif üzrə qiymətlər fərqlidir. Əlavə reyslər sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahət etmək imkanı da qazandırır.
Yeni qrafikə əsasən, mövcud qatar Bakıdan saat 23:10-da yola düşərək səhər saatlarında Tbilisiyə çatır. Əlavə reys üzrə qatar isə hər gün Bakıdan saat 09:10-da hərəkətə başlayaraq axşam saatlarında Gürcüstan paytaxtında olur. Əks istiqamətdə isə qatarlar müvafiq cədvəllə hərəkət edir.
Qeyd olunan marşrut üzrə əlavə reyslərin açılması tərəflərin uzunmüddətli birgə hazırlıq, eləcə də texniki və təşkilati işləri uğurla başa çatdırması sayəsində mümkün olub. Qurumdan bildirilib ki, beynəlxalq sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdiriləcək.




